Nəcibə İlkin - GEDƏSƏN TDKŞB · 03.08.2026 Soyunub qəm köynəyini Üzü dağlara gedəsən. Gəzib dağları doyunca Sonra da gözdən itəsən. Acını çəkə ev-eşik, Yol gözləyə dost-tanışın. Çiliklənən xatirələr Ola sənin məzar daşın. Dolasan bulud gözlərə Payız olub, yaz güləsən. Baş daşından gülümsəyib Yağış kimi töküləsən. Anan gələ görüşünə, Atan qucaqlaya səni. Sevincdən daşın çatlaya Dərdlərin ağlaya səni. Güləsən torpaq üzünə, Güləsən külək yaşına. Son gülüşün xatirinə, Hamı yığıla başına. Səni sevən könüllərin Qalasan qız yaddaşında. Darıxdığın ölüm üçün Ölməyəsən bu yaşında... — https://tdksb.org/works/necibe-ilkin-gedesen