Xuraman Muradova - GƏL, LAÇINA GEDƏK, NƏNƏ
Sandığı açdım.
Hamı getmişdi,
bir sənin yaylığın qalmışdı —
illərdir
baş çəkilməyən bir ev kimi
səssiz,
qapalı…
Nənəmin yaylığını açdım —
qatları arasında bir söz qalmışdı.
Mənasını unutmuşdum,
deyilişində hələ uşaq idim.
Bir ucunu dizimə sərdim,
bir ucu yerə toxundu.
Düyünü açmağa əlim gəlmədi —
bəlkə, söz oradan tökülərdi.
Yaylığı üzümə çəkdim.
İnsan bir qoxuya
bu qədərmi sığınarmış?
Bu qədərmi yol gedərmiş
yerindən tərpənmədən —
bir anda
uşaqlığına çatarmış…
Gəl, Laçına gedək, nənə…
Yenə yanında idim.
Başım dizinin üstündə,
əlin saçlarımda.
Söyləyərdim:
— Ay nənə…
Məni qucaqlayardın,
saçlarımı öpərdin.
Deyərdin:
— Sənin çoxlu qohumların var, balam.
Elin var,
oban var Laçında…
Mən də çox sevinərdim.
Elə bilərdim,
uzaqda bir ev var,
içində hamı məni gözləyir.
Nə vaxt qapısını döysəm,
deyəcəklər:
— Gəl, ay bala,
sən niyə belə gec gəldin?
Gəl, Laçına gedək, nənə…
Nənə…
Ay nənə…
İndi
atam da yoxdur.
Adlarını səndən eşitdiyim
doğmalarım da gedib.
Kaş o vaxt
sən danışanda
başımı dizindən qaldırmayaydım.
Bir-bir öyrənəydim
adlarını,
evlərinin yolunu…
İndi kimdən soruşum?
Kim mənim üzümə baxıb
atamı xatırlayar?
Kim deyər:
— Gözlərin…
Gözlərin elə onunkudur.
Bu bircə cümlə üçün
nə qədər yol gedərəm, nənə,
nə qədər qapı döyərəm…
Gəl, Laçına gedək, nənə…
Bir də mis samovar qalıb səndən.
Əlini üstünə çəkib deyərdin:
— Babalarından yadigardır,
bəy babalarından…
O dağlarda
az ocaq görməyib bu samovar,
xoşbəxt günlərimizin
çoxuna şahid olub.
Sən danışdıqca
samovara baxardım.
Elə bilərdim,
içində su yox,
o günlər qaynayır.
Qapağını qaldırsam,
hamınızı bir süfrənin başında
görəcəyəm.
İndi o mis samovar
mənim bağımdadır, nənə.
Hər dəfə od salıb
çay qaynadanda
səsini gözləyirəm.
Əvvəl asta-asta dillənir,
sonra elə bil
uzaqdan bir söhbət gətirir.
Buxarı üzümə toxunur —
sənin qoxunu alıram.
Bir anlıq
əlini çiynimdə duyuram,
elə bilirəm,
indicə deyəcəksən:
— Çayını iç, balam,
soyumasın…
Fincan əlimdə,
çay soyuyur.
Mən o bircə anın
keçməyini istəmirəm.
Kaş bir dəfə də
qarşında çay süzəydim.
Bu dəfə sən danışaydın,
mən heç yerə tələsməyəydim.
Samovar soyuyana qədər,
axşam bağa enənə qədər
qulaq asaydım sənə…
Gəl, Laçına gedək, nənə…
İndi Laçın dağlarında
izinizə düşürəm.
Meşələrin qoxusunu
içimə çəkirəm.
Nəm torpağın,
yarpaqların arasında
tanış bir qoxu duyuram —
üzümü yaylığına sıxdığım
o axşam yadıma düşür.
Bir cığırın başında dayanıram:
bəlkə, buradan keçmisən.
Bir ağacın kölgəsinə sığınıram:
bəlkə, babam
burada dincəlib.
Daşların üstünə
əlimi qoyuram.
Daşlar soyuq…
Əlimin altında
sizdən qalan bir istilik axtarıram.
Laçın dağları
öz vüqarında yaşadır sizi.
Sizin baxdığınız göyə baxır,
sizin getdiyiniz yolları
sinəsində saxlayır.
Mənə ünvan deyə bilmir,
amma hər döngəsində
dayanıb gözləmək istəyirəm.
Bəlkə, kimsə gələr.
Bəlkə, uzaqdan
adımı çağırarlar.
Mən də dönüb həsrətlə,
heç böyüməmiş kimi
«Mən gəlmişəm» deyərəm…
Gəl, Laçına gedək, nənə…
Axşam yaylığın
yenə dizimin üstündədir.
Yerə toxunan ucunu
yavaşca qaldırıb
sinəmə sıxıram —
yerini ürəyimin yanında bilirəm.
Bağda mis samovar
asta-asta soyuyur.
Son közün işığı
misin üzündə titrəyir.
Əlimi üstünə qoyuram —
hələ istidir.
Bir az da saxlayıram əlimi…
Sonra başımı
yaylığının üstünə qoyuram.
Bu dəfə
mən səni ovudurmuş kimi
qucaqlayıram onu,
nənə.
Düyününü açmıram kəlağayının,
qoy o söz
içində qalsın.
Dünyada məni
sənin səsinlə «balam» çağıran
bircə o qalıb…
Gəl, Laçına gedək, nənə…
Bir də «balam» de mənə…
Bu yaşımda da
sənin balan olmağa
ehtiyacım var, nənə.
Elə bil bütün dünya
çiyinlərimə çökür,
mən isə hələ də
sənin səsinə sığınıram.
Başımı dizinə qoyub
səssiz-səssiz ağlamağa,
illərdir içimdə gizlətdiyim
bütün ağrıları
sənin mərhəmətli əllərinə
əmanət etməyə,
əlinin saçlarımda gəzməsinə
elə ehtiyacım var ki…
Mən də heç nə demədən
sənə sarılacağam.
Amma səhər açılır
və mən yenə
sənsizliyə oyanıram.
Gəl, Laçına gedək, nənə…
Bəlkə, orada
məni gözləyənlər var, nənə…
Bəlkə, gözlərimdən tanıyarlar.
Atam həmişə deyərdi:
— Sən anamın özüsən,
gözlərin də anamın gözləri rəngində —
ala gözlüsən.
«Ağ göyərçinim», — deyərdi mənə.
Bəlkə, Laçın dağları
o ağ göyərçini gözləyir…
Gəl, birlikdə dönək
o Laçın dağlarına.
Əvvəl Hoçaza gedək, nənə,
Hoçaza…
Sənin danışdığın adamları
orada soraqlayaq.
Sən əlimdən tut,
evimizin yerini göstər.
Mən astadan
«Biz gəlmişik» deyim —
bəlkə, Hoçazda
bir qapı səsimizə açılar…
Gəl, Laçına gedək, nənə…
Minkəndə də baş çəkək,
Kürdhacıda dayanaq,
Avazlarda bir doğma səs axtaraq.
Sonra yenə Hoçaza dönək —
bir az da qalaq orada, nənə,
bir az da…
Səhər açılanda
əlimdə kəlağayın,
qulağımda səsin qalsın:
— Gəl, balam…
Hoçaza çatmışıq.
Yurdumuzu dağıdanlar
çox izimizi sildilər, nənə…
Amma ocaqlar vəfalıdır —
külünün altında
hələ közümüz qalıb,
bizi gözləyir.
Bəy babalarımın ruhu
o yurdda yolumuzu gözləyir.
Gəl, Laçına gedək, nənə…
Çoxları bəlkə də
sıradan bir yolçu bilər,
bilməz ki,
mən bu torpağa
öz doğmalarımı soraqlamağa gəlmişəm.
Sən bircə «balam» de, nənə —
qoy bilsinlər,
kimin nəvəsiyəm,
hansı ocağın yadigarı…
Hoçazda bəy babalarımın
yurduna dönək.
Sənsiz tanımaz o dağlar məni —
sən danış,
mən gözlərimdə
səndən qalan işığı göstərim.
Gəl, tut əlimdən,
gəl, Laçına gedək, nənə…
— TDKŞB, 29 oktyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.