Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı Xuraman Muradova: “Nəriman Həsənzadə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının söz çinarı idi” 01 Avqust 2026, 14:23
Bu acı xəbəri eşidəndə böyük sarsıntı keçirdim. Xalq şairimiz, Azərbaycan ədəbiyyatının korifeyi, müdrik ağsaqqalımız Nəriman Həsənzadənin haqq dünyasına qovuşması təkcə ölkəmiz üçün deyil, bütün Türk dünyasının ədəbi-mədəni həyatı üçün ağır itkidir.
Nəriman Həsənzadə Azərbaycan poeziyasının uca zirvələrindən biri, milli düşüncənin, vətənpərvərliyin, mənəvi saflığın və humanizmin parlaq siması idi. O, sözün qüdrəti ilə milyonlarla oxucunun qəlbinə yol tapmış, yaradıcılığı ilə milli-mənəvi dəyərlərimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə misilsiz xidmət göstərmişdi.
Azərbaycan ədəbiyyatının üzərinə kölgə salan qocaman Dədə Palıd ağacı idi Nəriman Həsənzadə. Saflığın, ülviyyətin, səmimiyyətin və pak duyğuların şairi, hər kəsə ata qayğısı göstərən müdrik ağsaqqal idi. Onun sözü, şəxsiyyəti və həyat yolu gənc qələm adamları üçün əsl məktəb idi. Belə şəxsiyyətlər zamanın fövqündə dayanır və xalqın yaddaşında əbədi yaşayırlar.
Mənim yaradıcılıq taleyimdə də Nəriman müəllimin xüsusi yeri olub. Onun xoş sözü, mənəvi dəstəyi, sənətə və insana verdiyi yüksək dəyər mənə həmişə güc verib. O, qələmimə inam bəxş edən, sözə məsuliyyətlə yanaşmağı öyrədən böyük ustadlardan biri idi. Bu mənəvi borcu və qayğını ömrüm boyu minnətdarlıqla xatırlayacağam.
Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı olaraq əminliklə deyə bilərəm ki, Nəriman Həsənzadənin yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatına deyil, bütövlükdə Türk dünyasının ortaq ədəbi irsinə qiymətli töhfədir. Onun əsərləri gələcək nəsillər üçün də mənəviyyat, vətən sevgisi və milli kimlik məktəbi olaraq yaşayacaq.
Uca Allahdan böyük ustadımıza rəhmət diləyir, ailəsinə, doğmalarına, Azərbaycan Yazıçılar Birliyinə, bütün ədəbi ictimaiyyətimizə və Türk dünyasının söz adamlarına dərin hüznlə başsağlığı verirəm.
Məkanı cənnət, ruhu şad olsun! Əziz xatirəsi xalqımızın qəlbində və Türk dünyasının ədəbi yaddaşında əbədi yaşayacaq.
DİGƏR XƏBƏRLƏR
-
Xuraman Muradova - SAĞLIĞINDA SÖYLƏYƏK
14 Sentyabr 2026, 17:14 -
Tolgonay Sariyeva - Көп күттүрбөй сагынганда кел деген
14 Sentyabr 2026, 14:34 -
Leyla Şerif Emin -Balkanlar'dan Gelen Soğuklar
14 Sentyabr 2026, 14:31 -
Gülzar Abla Bayatlı - SEN OLMAZSAN
13 Sentyabr 2026, 13:16 -
İnci Okumuş - Adın Âişe’dir Tebessümün, Hüma
13 Sentyabr 2026, 12:51 -
Tolgonay Sariyeva - Себеп болуп сезимиңдин ызгаары
13 Sentyabr 2026, 12:45 -
Feyzan Korur - AFFETMEM
13 Sentyabr 2026, 12:41 -
Şərifə Cəfəri - Boş verdim, ürək məst eyləsin, yar havasında
13 Sentyabr 2026, 12:37 -
Xuraman Muradova - Turan elə Salam olsun
13 Sentyabr 2026, 12:31 -
Xuraman Muradova - Payız kimiyəm
13 Sentyabr 2026, 12:15

