Xuraman Muradova - HƏQİQƏTİ SEVƏRƏM
Nə sarayda gözüm qalar, nə qızılda səadət,
Bir könüldə kök salan saf məhəbbəti sevərəm.
Ucalıq nə şöhrətdədir, nə də şanlı bir adda,
İnsanı insan eyləyən mərhəməti sevərəm.
Geri dönməz axan zaman, nələr versən, alınmaz,
Bir ömrə nur saçmaq üçün hər fürsəti sevərəm.
Bəzən bircə baxış yetər, min bir təsəlli susar,
Sükutumu sözsüz duyan o diqqəti sevərəm.
Çox bilməkdən nə fayda var, özünü dərk etməsən?
İnsan qəlbinə nur saçan o hikməti sevərəm.
Üzə gülən kölgələrə dost deyərək aldanma
Dar gündə də ayrılmayan sədaqəti sevərəm.
Xuraman, sınsa da qəlbin, qoy sınmasın vüqarın,
Son nəfəsim gəlsə də, mən həqiqəti sevərəm.
— TDKŞB, 13 oktyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.