Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - İndi inandınmı?
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - İndi inandınmı?

“Mələksən”deyərdin hər zaman mənə,

Deyərdin: ki, küsmək bizə yasaqdır.

İnanardıq o sevginin gücünə,

Sanardıq ayrılıq bizdən uzaqdır.

Mənsə sakit-sakit deyərdim hərdən:

“Bəlkə bir gün gələr, ayrılarıq biz…”

İndi o kədərlə mən üz-üzəyəm,

İndi sahillərdə təkdi izimiz.

Bax, indi ayrıyıq, sükut danışır,

Yollar da ayrılıb uzağa gedir.

Köhnə xatirələr oda alışır,

Həsrət ürəyimi imtahan edir.

İndi inandınmı bu ayrılığa?

Ayrılıq – o vədin bitdiyi yerdir.

Qərq olub o sonsuz, lal qaranlığa,

Demək, bu taleyin yazdığı birdir.

Bildinmi sevməkdə ayrılmaq da var?

Ayrılıq bu imiş – uzun bir zaman…

Dünən mələk olan, bu gün çox uzaq,

Aramızda qaldı ağır imtahan.

Gözlərin dolmuşdu o son baxışda,

Dilin “getmə” deyib, ürəyin susdu.

İslanmış arzular soyuq yağışda,

Bizə taleyimiz pusqu qurmuşdu.

“Başqa yol yox…” dedim, kədərlə baxdın,

İmkansız bir dərdi bölüşdük yarı.

O “mələk” kəlməsi göylərə axdı

Doldurdu boşluğu həsrət qubarı.

İnanmazdın mənə… bax, indi inan —

Ayrılıq o yaşlı gözlərdə qaldı.

Bizdən gerçək deyil, xəyaldan olan

Xatirələr dolu bir sevgi qaldı…

Xatirələr dolu bir sevgi qaldı…

— TDKŞB, 10 aprel 2026

Mənbələr

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax