Xuraman Muradova - İnsan gərəkdir
Bəzən fırtınalar qopar içində,
Dünya da dar gələr, sığmaz bədənə.
O an nə var-dövlət, nə də şan-şöhrət,
Bir isti nəfəs də bəs eylər sənə.
Çünki bu həyatda insanın payı
Sevgiylə döyünən sadiq ürəkdir.
Qaranlıq yollarda bir əl tutmağa,
Dərd ortağı olan insan gərəkdir.
Ruhun da o yorğun, qərib vaxtında,
Bir ürək axtarar səni anlayan.
Məlhəm tək süzülüb yaralarına,
Səninlə ağlayıb,səninlə yanan.
Qaranlıq yollarda çıraq kimidir,
Dərdini bölüşən həmdərdin səsi.
İnsanı yaşadan sevgi payıdır,
Onun xoş gülüşü,, xoş bir nəfəsi.
Ömür qısa yoldur, dünya imtahan,
Bu yolda hər zaman sınanar insan,
Əlindən möhkəmcə yapışan bir can,
Qəlbinə nur saçan insan gərəkdir.
— TDKŞB, 2 oktyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.