Xuraman Muradova - ÜMİDİNİ ÜZMƏ SƏN
Gecənin qoynunda ağlama belə,
Bir ömrü bir dərdə bağlama belə,
Qəlbini həsrətlə dağlama belə,
Sökülər dan, ümidini üzmə sən.
Daşın sinəsindən çiçəklər çıxar,
Səbrin qayaları kökündən yıxar,
Ümid qaranlığa bir şimşək çaxar,
Bitər hicran, ümidini üzmə sən.
Əl uzat, əlini tutan tapılar,
Dərdini öz dərdi sayan tapılar,
Səninlə həyata qayıdan olar,
Yatar tufan, ümidini üzmə sən.
Bu qara günlərin hökmü bitəcək,
Qəlbini sıxan dərd bir gün gedəcək,
Sabahın üzünə günəş güləcək,
Qaçar duman, ümidini üzmə sən.
Qışın hökmü sınar, qar da əriyər,
Quru budaqlarda ümid göyərər,
Torpaq ağrısını gülə bürüyər,
Gülər cahan, ümidini üzmə sən.
Günəş hər səhərdə yenə doğacaq,
İşıq zülmətləri yarıb axacaq,
Ömrün öz yolunu yenə tapacaq,
Gələr dərman, ümidini üzmə sən.
— TDKŞB, 14 oktyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.